Email: info@es-journal.az

Ümumi məlumat

Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin Xəbərlər İqtisadiyyat Seriyası Elmi-praktiki Jurnalı açıq girişli (jurnalın məzmunu ilə hər kəs sərbəst şəkildə tanış ola bilər), resenziyalı elmi-praktiki jurnaldır. Jurnal 1966-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı” na daxil edilmişdir. Xəbərlər İqtisadiyyat Seriyası Elmi-praktiki Jurnalının əsas məqsədi -iqtisadiyyat və onun tənzimlənməsi, iqtisadiyyat sahələri və regional iqtisadiyyat, maliyyə bazarları və rəqəmsal inkişaf istiqamətində yerinə yetirilən elmi-tədqiqatın nəticələri barədə fikir mübadiləsi aparmaq üçün beynəlxalq əməkdaşlıq platforması yaratmaq, həmçinin sadalanan sahələrdə aktual problemlərin müəyyən edilməsi və onların həlli yollarını tapmaqdan ibarətdir. Jurnal ildə iki dəfə kağız və elektron formada dərc edilir. Xəbərlər İqtisadiyyat Seriyası Jurnalı nəşr olunarkən COPE (Committee on Publication Ethics) tərəfindən təsbit edilən nəşriyyat etikasına dair beynəlxalq standartlar əsas götürülür. Jurnala nəşr üçün Azərbaycan (türk), rus və ingilis dillərində ölkə və xarici alimlərin orijinal (əvvəllər heç yerdə nəşr edil¬məyən və yaxud digər nəşriyyata çap üçün təqdim edilməmiş) məqalələri qəbul edilir. Xəbərlər İqtisadiyyat Seriyası Jurnalının nömrələrinin tam mətnli elektron versiyaları dərc edildiyi andan etibarən jurnalın rəsmi saytında məhdudiyyətsiz şəkildə yerləşdirilir və jurnalın məzmununa açıq giriş təmin edilir. Jurnalın nömrələrinə açıq giriş rəsmi veb saytın arxiv bölməsində mövcud olur.